Azərbaycanın da iştirak etdiyi PIRLS 2021 tədqiqatının nəticələri oğlan və qız şagirdlərin oxuma bacarığı üzrə topladıqları nəticələr arasındakı fərqləri də əhatə edir. Nəticələr göstərir ki, PIRLS 2021-də iştirak etmiş ölkələr üzrə qız şagirdlər oğlan şagirdlərə nəzərən oxuma bacarığı üzrə 18 bal daha yüksək nəticə göstərib. Azərbaycanda da bu göstərici 18 baldır.
Bildirək ki, Azərbaycan oğlan və qız şagirdlər arasında oxuma bacarığı üzrə fərq baxımından PIRLS 2021 tədqiqatında iştirak etmiş 65 ölkə və etalon iştirakçı arasında 37-cidir. Bu nəticə də cinslər arasında oxuma bacarığı üzrə müəyyən qədər fərqin olduğunu göstərir.
Qeyd edək ki, PIRLS 2021 nəticələri üzrə Azərbaycanlı qız şagirdlər 450, oğlan şagirdlər isə 432 bal toplayıb.
Müvafiq nəticə üzrə ətraflı məlumat əldə etmək üçün keçidə daxil olaraq beynəlxalq hesabatla tanış ola bilərsiniz: https://pirls2021.org/results/achievement
Qeyd edək ki, Azərbaycanın 2011-ci ildən iştirak etdiyi PIRLS – Oxu Bacarığının İnkişafı üzrə Beynəlxalq Tədqiqat (Progress in International Reading Literacy Study) dördüncü sinif şagirdləri arasında keçirilməklə onların ədəbi təcrübələrini və məlumatları əldə edib, istifadə etmək bacarığını ölçür.