Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən “Refleksiv müəllim” layihəsi ilə bağlı növbəti seminar keçirilib.
16 may tarixində Binəqədi rayonu Qamət Abbasov adına 284 saylı tam orta məktəbdə riyaziyyat fənni müəllimləri üçün görüş təşkil olunub. Seminarda məktəbin riyaziyyat müəllimi Məcidova Gülər 4-cü sinif “Riyaziyyat” dərsliyində olan “Sahə” mövzusunda icmal təqdim edib.
Seminarda metodik vəsaitlə işləmə qaydaları, dərsin məzmununun standartlara uyğun hazırlanması və məqsədin müəyyənləşdirilməsi, təlim nəticələrinin çıxarılması, interaktiv dərsin mərhələləri, tapşırıqların dərsin məqsədinə uyğunluğu və sualların qoyulması üsulları, qiymətləndirmə, rubriklərə əsasən şagird fəaliyyətinin ölçülməsi, dərsin mövzusuna əsasən tədqiqatçılıq işinin aparıb-aparılmamasını anlamanın vacibliyi, yaradıcı tətbiqetmə, qrup işi və fərdi işin mahiyyəti kimi məsələlər müzakirə olunub.
Seminar müddətində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
Qeyd edək ki, “Refleksiv müəllim” layihəsi üzrə seminarlar ARTİ MDPİM tərəfindən mütəmadi olaraq təşkil edilir.