Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq 22 may 2024-cü il tarixində Təhsil İnstitutu və Bakı şəhəri 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkotik asılılıq və onun formalaşma mərhələri” mövzusunda seminar təşkil edilib.
Seminarda Təhsil İnstitutunun böyük elmi işçisi Günay Mirzəzadə günümüzün təhlükəsi hesab olunan narkomaniyana səbəb ola biləcək halların psixo-pedaqoji vasitələrlə qarşısının alınması istiqamətinə həsr olunmuş “Narkotik asılılıq və onun formalaşma mərhələri” adlı təqdimatla çıxış edib.
Seminarda dərnək rəhbəri və müəllimlərin müvafiq kurasiya üzrə mövcud qaydalara əməl etməklə gənclərin zərərli vərdişlərə aludə olması hallarının qarşının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi haqqında maarifləndirici söhbət aparılıb.
Çıxış zamanı qeyd edilib ki, narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə sırf tibbi problemdən sosial problemə çevrilib. Problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Əsas məqsəd yeniyetmələrimizin və gənclərimizin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaqdır. Bundan əlavə, vurğulanıb ki, narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Təbii ki, əsas məqamlardan biri valideynlərin düzgün həyat tərzi keçirməklə övlada örnək olmasıdır. Uşaqların narkomaniyadan qorunmasında bu profilaktikanın müstəsna rolu vardır. Bununla bərabər, valideynlə övlad arasında qarşılıqlı inamın olması da vacib şərtdir. Təcrübədə yeniyetmələrin və gənclərin pis vərdişlərə və təhlükəli işlərə daha çox meylli olmalarını nəzərə alaraq hesab edilir ki, narkomaniyanın qarşısını almağın digər əlverişli yolu təhsil müəssisələrində, xüsusən də məktəblərdə geniş maarifləndirmə işinin aparılmasıdır. Narkomaniyaya qarşı profilaktika sistematik olmalı və kütləvi xarakter daşımalıdır.