“Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində görüşlər keçirilib

Tarix: 06.06.2024
Paylaş:

Təhsil İnstitutunun 2024-cü il üçün fəaliyyət planına əsasən, “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində iyun ayının 3-də və 4-də Qazax-Tovuz Regional Təhsil İdarəsinə bağlı ümumi təhsil müəssisələrində işləyən müəllimlərlə Tovuz şəhərində görüşlər keçirilib.

Tədbirdə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, təbiət və həyat bilgisi fənlərini tədris edən 700-dən artıq müəllim müxtəlif fənlər üzrə təşkil olunmuş sessiyalarda iştirak edib.

Tədbirin əsas məqsədi təhsilverənləri təkmilləşdirilmiş fənn kurikulum sənədləri ilə tanış etmək və təkmilləşdirilmələrdə nəzərə alınmış əsas məqamlar ilə bağlı qarşılıqlı müzakirələr aparmaq olub.

Tədbirdə ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin əməkdaşları ilə yanaşı, kurikulumların təkmilləşdirilməsi prosesinə cəlb olunmuş işçi qrupunun üzvləri də iştirak edib. Tədbir iştirakçıları təkmilləşdirilmiş Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, həyat bilgisi və yeni yazılmış təbiət fənn kurikulumları haqqında öz rəylərini bildirib və ümumilikdə təkmilləşdirmə prosesini müsbət qiymətləndiriblər.