“Məktəbəqədər təhsil müəssisələrində təlimin təşkilinə yeni yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib

Tarix: 14.06.2024
Paylaş:

Son dövrlərdə təhsil sahəsində sadəcə bilik və bacarıqlar deyil, şəxsiyyətin inkişafında mühüm rol oynayan dəyərlər, səriştələr də təhsilin keyfiyyət göstəriciləri kimi qiymətləndirilir. Məktəbəqədər təhsilin qarşısında duran mühüm vəzifələrdən biri də cəmiyyətə müasir dövrün tələblərinə uyğun daha hazırlıqlı, sağlam, intellektli və səmərəli fəaliyyət göstərmək qabiliyyətinə malik, müstəqil həyata hazır olan şəxslərin hazırlanmasıdır. Bu baxımdan, məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji kollektiv də öz işini bu vəzifələrin həyata keçirilməsi istiqamətində qurmağa çalışır.

Sözügedən fəaliyyətə dəstək olmaq məqsədilə Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşları tərəfindən Xətai rayonunda yerləşən 223 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçi-müəllimləri və 240, 205, 200, 8, 245 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçi-müəllimləri ilə “Məktəbəqədər təhsil müəssisələrində təlimin təşkilinə yeni yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib. Tədbir zamanı məktəbəqədər təhsilin səmərəli təşkili və təlim prosesinə yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb, tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.