“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsi yekunlaşıb

Tarix: 09.07.2024
Paylaş:

Ümumi təhsil müəssisələrində metodist seçimi ilə əlaqədar Təhsil İnstitutu tərəfindən təşkil edilən “Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsi 9 iyul tarixində yekunlaşıb. Müsahibələr mərhələli olaraq əyani və onlayn şəkildə keçirilib. Bakı şəhəri və regionlar üzrə müsahibə şərtlərinə uyğun olan 858 nəfərdən ibarət Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ibtidai sinif, ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat (tədris dili) və riyaziyyat müəllimləri müsahibəyə dəvət edilib. Namizədlər əvvəlcədən müəyyənləşdirilmiş meyarlar, yəni özünü təqdimetmə, dərsin planlaşdırılması, metodiki və pedaqoji savadlılıq, liderlik, problem həlletmə, əməkdaşlıq və ünsiyyət bacarıqları əsasında dəyərləndirilib.

Müsahibədən uğurla keçən namizədlər metodist fəaliyyəti üçün zəruri bacarıqların formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə təlimlərdə iştirak etmək imkanı əldə ediblər.

Qeyd edək ki, təlimlər mərhələli şəkildə müsahibədən uğurla keçmiş namizədlər üçün nəzərdə tutulub.