“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə çərçivəsində məktəblərlə dəyərləndirmə görüşü keçirilib

Tarix: 09.07.2024
Paylaş:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ tərəfindən həyata keçirilən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə çərçivəsində layihənin əhatə etdiyi məktəblərin heyəti ilə il ərzində görülmüş işlərə dair dəyərləndirmə görüşü keçirilib.

Qeyd edək ki, icrasına 2022-ci ildən başlanan layihə əsasında Bakı şəhəri və regionları da əhatə etməklə, ümumilikdə 51 ümumtəhsil müəssisəsində Uşaq Müdafiəsi və Təhlükəsizliyi (UMT) mexanizmi tətbiq edilir.

Dəyərləndirmə görüşündə UNICEF-in Azərbaycan Nümayəndəliyinin əməkdaşı, ARTİ-nin Təhsildə əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin əməkdaşı, layihə komandasına daxil olan supervizorlar və məktəblər üzrə uşaq müdafiəsi və təhlükəsizliyi (UMT) komandalarının üzvləri iştirak ediblər.

UNICEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının nümayəndəsi Elmir Valehli öz çıxışında tədris ili müddətində UMT komandaları tərəfindən aktiv şəkildə məktəb heyəti, şagirdlər və valideynlər arasında maarifləndirici tədbirlərin davam etdirildiyini, ARTİ və UNICEF-in mütəxəssisləri tərəfindən həmin ümumi təhsil müəssisələrində prosesin mütəmadi şəkildə superviziyasının təşkil olunduğunu və bununla bağlı tövsiyələrin verildiyini qeyd edib.

Görüşdə ötən tədris ili müddətində mexanizmin tətbiq olunduğu məktəblər üzrə baş verən bullinq halları ilə əlaqədar statistika təqdim olunub. Məktəb rəhbərləri müzakirələrdə iştirak edərək, məktəbdaxili baş verən hallarla mübarizədə yerli qurumlarla əməkdaşlıq etdiklərini, şagirdlərə lazımi dəstəyin göstərilməsi üçün bütün imkanları nəzərdən keçirdiklərini və əksər hallarda bullinq hallarının öz həllərini tapdığını qeyd ediblər.

Qeyd edək ki, yeni tədris ilindən layihənin III mərhələsinin icrasına başlanılması planlaşdırılır.