Təhsil İnstitutu 28 iyun tarixindən Laçın rayonu 2 nömrəli və Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəblərində yurd yerlərinə qayıdan əhalinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində “Rəqəmsal savadlılıq”la bağlı təlimlərinin icrasına başlayıb.
Hal-hazırda davam edən təlimin əsas məqsədi işğaldan azad olunmuş ərazilərə köçürülən əhalinin müasir texnologiyalardan (İKT) istifadə üzrə praktik bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Təlim zamanı müdavimlərə XXI əsrin rəqəmsal bacarıqları, İKT kompetensiyaları, “Google” alətlərindən istifadə qaydaları, rəqəmsal transformasiya, əməliyyat sistemləri, kibertəhlükəsizlik, elektron hökumət, Azərbaycan Təhsil Şəbəkəsinin veb layihələri və digər istiqamətlər üzrə səriştələr tədris olunur. Praktiki məşğələlər müasir resurslardan istifadə ilə həyata keçirilir.
Qeyd edək ki, ARTİ tərəfindən ölkənin işğaldan azad edilmiş müxtəlif ərazilərində təlimlər “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsinə uyğun olaraq mütəmadi təşkil ediləcəkdir.