Təhsil İnstitutu və Sinqapurun Marşal Kavendiş Təhsil Şirkətinin birgə əməkdaşlığı çərçivəsində təlimlər başlayıb

Tarix: 15.07.2024
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu və Sinqapurun Marşal Kavendiş Təhsil Şirkətinin birgə əməkdaşlığı çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 14 regiondan riyaziyyat və təbiət elmlərini tədris edən 60-dan çox müəllimin iştirakı ilə ümumi təhsil müəssisələrində təhsilalanların bacarıqəsaslı öyrənmə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində təlimlər başlayıb.

15 iyul tarixindən başlayan təlimlər öz sahəsində 20 ildən çox təcrübəsi olan Sinqapurlu mütəxəssislər tərəfindən əyani şəkildə keçirilir. İştirakçılar 300-dən çox namizədin arasından iki mərhələli seçim (imtahan və müsahibə mərhələsi) əsasında seçilib.

Təlim beynəlxalq qiymətləndirmə tədqiqatları çərçivəsində bacarıqların formalaşdırılması vasitəsilə şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə savadlılığının artırılması mövzularını əhatə edəcək. Təlimi bitirən iştirakçılar öz regionlarında müəllimlərə metodik dəstək göstərəcək və şagirdlərlə bu istiqamətdə işlər aparacaqlar.

Qeyd edək ki, sözügedən təlimlər 19 iyul tarixində başa çatacaq.