“Müasir metodist” layihəsi çərçivəsində məktəbdaxili metodistlərlə metodist hazırlığı təlimləri üçün təlimçi hazırlığı (ToT) keçirilir

Tarix: 18.07.2024
Paylaş:

Təhsil İnstitutu tərəfindən ümumi təhsil müəssisələrində metodiki işin qurulması məqsədilə həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində məktəbdaxili metodistlərlə metodist hazırlığı təlimləri üçün təlimçi hazırlığı (ToT) keçirilir.

2023-2024 tədris ilindən etibarən “Müasir metodist” layihəsi çərçivəsində 45 ümumi təhsil müəssisəsində müəllimlərə metodik dəstək göstərən metodistlərin iştirakı ilə metodist hazırlığı təlimləri üçün təlimçi hazırlığı (ToT) keçirilir. 15 iyul 2024-cü il tarixində başlayan ToT təlimlərinin məqsədi məktəbdaxili metodistlərin mövcud metodiki və idarəetmə bacarıqlarının möhkəmləndirilməsi, təlimçi bacarıqlarının inkişaf etdirilməsidir.

ToT təlimləri zamanı müdavimlər öz metodist fəaliyyətlərində əldə etdikləri təcrübələri bölüşüb, qarşılaşdıqları problemləri müzakirə edərək həll yollarını təklif ediblər. Bu prosesdə metodistlər üçün nəzərdə tutulan təlim proqramı təhlil edilib, proqramla bağlı müdavimlərə qaranlıq qalan məqamlara aydınlıq gətirilərək izah edilib. Təlimin tematik planını müzakirə edən müdavimlər mövzular arasında məntiqi əlaqələri və təlim nəticələrini, qiymətləndirmə və pedaqoji strategiyaları təhlil ediblər. Daha sonra müdavimlər təlim proqramına daxil olan modullar əsasında öz təqdimatlarını hazırlayaraq auditoriyaya nümayiş etdiriblər.

Qeyd edək ki, təlimçi hazırlığı təlimindən uğurla keçən müdavimlərin növbəti metodist təlimlərinə təlimçi qismində cəlb olunması planlaşdırılır.