“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri keçirilib

Tarix: 18.07.2024
Paylaş:

Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri 8-11 iyul 2024-cü il tarixlərində baş tutub.

Təlimin keçirilməsində əsas məqsəd faktoloji bilik, funksional bilik, həqiqi bilik və savadlılıq anlayışları haqqında biliyi artırmaq, savadlılıq və funksional bilikləri ölçən tapşırıqların işlənib hazırlanması və şagirdlərin funksional bilik nailiyyətlərinin formativ təsviri qiymətləndirilməsi üzrə praktiki işlər görmək və PISA, TIMSS və PIRLS beynəlxalq tədqiqatlarının suallarını təhlil etmək olub. Təlimdə Azərbaycanda ümumi təhsil pilləsində şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi üzrə qiymətləndirmə metodları və vasitələri haqqında təlimat layihəsi nəzərdən keçirilib. Həmçinin şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə müxtəlif hesabat növləri müzakirə edilib.

Təlimlərdə spiker qismində layihənin baş ekspertləri Maya Yukiç və Srdjan Verbiç çıxış edib.

Qeyd edək ki, sözügedən təlimlərdə ümumilikdə 35 nəfər iştirak edib.