Azərbaycanın da iştirak etdiyi PIRLS 2021 tədqiqatının nəticələri şagirdlərin oxuma sevgisi və bunun şagirdlərin oxuma bacarığına təsiri ilə bağlı məlumatı əhatə edir. Nəticələr göstərir ki, PIRLS 2021-də iştirak etmiş şagirdlərimizin 63%-i kitab oxumağı çox sevdiyini qeyd etsə də, 5%-i heç sevmədiyini bildirib. Kitab oxumağı çox sevdiyini qeyd edən şagirdlərin PIRLS 2021 üzrə oxuma bacarığı balı 446, heç sevmədiyini bildirən şagirdlərin oxuma bacarığı üzrə balı isə 421 olub. Əlavə olaraq, şagirdlərimizin 32%-i kitab oxumağı müəyyən qədər sevdiyini bildirib və PIRLS 2021-də 439 bal toplayıb.
Xatırladaq ki, “Azərbaycanda valideynlərin kitab oxuma sevgisi” başlıqlı bloqumuzda da göstərildiyi kimi PIRLS 2021 nəticələrinə əsasən Azərbaycanda valideynlərin kitab oxuma sevgisi artdıqca şagirdlərin PIRLS 2021 üzrə oxuma bacarığı üzrə balı da yüksək olub.
Müvafiq nəticə üzrə ətraflı məlumat əldə etmək üçün https://pirls2021.org/results/context-student/ keçidə daxil olmaqla beynəlxalq hesabatla tanış ola bilərsiniz.
Qeyd edək ki, Azərbaycanın 2011-ci ildən iştirak etdiyi PIRLS – Oxu Bacarığının İnkişafı üzrə Beynəlxalq Tədqiqat (Progress in International Reading Literacy Study) dördüncü sinif şagirdləri arasında keçirilməklə onların ədəbi təcrübələrini və məlumatları əldə edib, istifadə etmək bacarığını ölçür.