‘’İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsinin IV mərhələsinin icrasına başlanılıb

Tarix: 19.08.2024
Paylaş:

Təhsil İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihənin dördüncü mərhələsinin icrasına başlayıb. Layihə 2024-2025-ci tədris ilində yeni 29 ümumi təhsil müəssisəsinin cəlb olunması ilə ümumilikdə ölkə üzrə 67 məktəbi əhatə edir.

Layihənin əsas məqsədi inklüziv sinif təşkil edilən ümumtəhsil müəssisələrinin şəbəkəsini genişləndirərək Azərbaycanda sağlamlıq məhdudiyyəti olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir.

15-18 avqust 2024-cü il tarixlərində layihə çərçivəsində ümumtəhsil məktəblərinə dəstək verən mütəxəssislər üçün 18 akademik saatlıq onlayn ixtisasartırma təlimləri baş tutub. İxtisasartırma təlimlərinin əsas məqsədi mütəxəssislərə inklüziv təhsillə bağlı yeni təcrübələri aşılamaq və tətbiqi alətlər təmin etməklə onların hazırlıq səviyyələrini yüksəltməkdir.

İştirakçılar müzakirələr və praktiki tapşırıqlarla keçirilən təlimlər zamanı ehtiyaclara əsaslanan inklüziv təlim strategiyaları, Fərdi Fəaliyyət Planlarına dair təlimatlar və sahə üzrə yeni yanaşmalar ilə tanış olublar.