14-22 avqust 2024-cü il tarixlərində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində 8-ci dəfə təşkil edilən Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (ejoi2024.gov.md) keçirilib. Sözügedən müsabiqədə məktəblilərimiz uğurla çıxış edərək medallarla geri dönürlər. Belə ki, Bakı şəhəri, 157 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Həsən Vəliyev gümüş, Bakı şəhəri, Bakı Türk Anadolu liseyinin 9-cu sinif şagirdi Əhməd Qənbərli və Sumqayıt şəhəri, 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Muhammedali Əhmədov bürünc medal qazanıblar. Şagirdlərimizi təbrik edir, onlara növbəti müsabiqələrdə uğurlar arzulayırıq.
Qeyd edək ki, Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz 2017-ci ildən etibarən iştirak edirlər və bu vaxta kimi 4 gümüş, 8 bürünc medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 77 medal qazanıblar.