“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin əməkdaşlarının “Uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi” barədə maarifləndirilməsi üçün 26-27 avqust tarixlərində keçirilən təlimlər uğurla başa çatıb.
Təlimin ikinci günündə iştirakçılar məktəbdə baş verə biləcək zorakılıq halları və təhlükələrlə bağlı qruplar şəklində praktik işlər icra ediblər. Təlimdə iştirakçılarla mexanizm və sonrakı prosesin planlaması və gedişatı barədə müzakirə aparılıb.
Təlimdə iştirak edən UNICEF-in Azərbaycandakı nümayəndəliyinin uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov çıxışı zamanı yeni tədris ilində layihəyə qoşulacaq region məktəbləri haqqında məlumat verib və iştirakçıların proqramla bağlı suallarını cavablandırıb.
Tədbirin bağlanış mərasimində iştirakçılar sertifikatla təltif ediliblər.
Qeyd edək ki, yeni məktəblər də daxil olmaqla layihənin tətbiq edildiyi bütün məktəblərdə sentyabr ayından etibarən monitorinqlərin keçirilməsi nəzərdə tutulur.