2 sentyabrda Təhsil İnstitutu ilə ORT İsrail məktəb şəbəkəsinin əməkdaşlığı əsasında həyata keçirilən “İnnovativ məktəb” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu məktəblərin direktorları ilə görüş keçirilib.
Görüşün əsas məqsədi məktəbləri layihə ilə bağlı məlumatlandırmaq, layihə çərçivəsində görüləcək işlər və yeni tədris ilində planlaşdırılan fəaliyyətlərlə bağlı müzakirələr aparmaq olub.
Görüşdə iştirak edən Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev iştirakçıları yeni tədris ilinin başlaması münasibətilə təbrik edib və layihənin məqsədləri barədə geniş məlumat verib. O, çıxışında layihənin əsas hədəfinin müasir tələblərə cavab verən məktəb şəbəkəsinin yaradılması, məzmun və idarəetmədə yeniliklərin, eləcə də layihə əsaslı öyrənmənin təşviqi olduğunu vurğulayıb.
Daha sonra layihə koordinatorları layihə çərçivəsində yeni tədris ilində “Sahibkarlıq” fənninin tədrisi, “Təhsildə liderlik” təlimlərinin təşkili və ilin sonunda məktəblərarası müsabiqənin təşkili ilə bağlı məlumat verib. Görüşün sonunda yaradılacaq işçi qrupları vasitəsilə məktəblərdə tətbiq olunan fəaliyyətlərin monitorinqinin aparılmasının da qarşıda duran mühüm məsələlərdən biri olduğu vurğulanıb.
Qeyd edək ki, “İnnovativ Məktəb” layihəsi Azərbaycanda ölkənin digər ümumi təhsil müəssisələri üçün nümunəvi öyrənmə mərkəzlərinə çevriləcək məktəblərin yaradılmasını nəzərdə tutur. Layihə məktəb pedaqogikası, tədris məzmunu və məktəb idarəçiliyi sahələrində yeni yanaşmaların tətbiqinə yönəlib.