Təhsil İnstitutunda COP 29 çərçivəsində silsilə tədbirlər davam edir

Tarix: 05.09.2024
Paylaş:

COP29 ili çərçivəsində 5 sentyabrda ARTİ-nin təşkilatçılığı ilə Bakı şəhər T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə təhsilverənlər üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülşən Orucova COP29 çərçivəsində təhsil müəssisələrində belə bir təlimin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı kimi COP29 “Əsrin müqaviləsi”ndən sonra ölkəmizdə keçirilən ən genişmiqyaslı beynəlxalq tədbirdir. Bu baxımdan, məktəbin müəllimləri üçün bu cür maarifləndirici tədbirlərin keçirilməsi və məlumatların verilməsi vacibdir.

ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva çıxışında COP29-un ölkəmizdə keçirilməsini zəruri edən şərtlərdən, onun elmi, iqtisadi-siyasi əhəmiyyətindən, təbii resurslardan, öhdəlik və infrastrukturdan düzgün istifadə etməyin zəruriliyindən bəhs edib. Eyni zamanda təbii qaz təchizatının şaxələnməsində Azərbaycanın rolu və imkanları barədə məlumat verilib.

Tədbirdə ARTİ-nin böyük elmi məsləhətçisi Rəsul Əsgərov çıxış edərək bildirib ki, Azərbaycan müasir dövrdə Avropa dövlətlərinin müstəqillik və suverenliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini getdikcə möhkəmləndirir və enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsi baxımından xüsusi önəm kəsb edir. Bu sahədə yeni marşrutların qurulması və yeni resursların cəlb olunması dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən hər zaman diqqətdə saxlanılır.

Daha sonra ARTİ-nin baş mütəxəssisi Məhəbbət Paşayeva təqdimat edərək COP29 kontekstində Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi üçün ölkəmizin geosiyasi məkanda mühüm rola malik olduğunu vurğulayıb.

Tədbir çıxışlar ətrafında müzakirələrlə davam etdirilib.