Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ORT İsrail məktəblər şəbəkəsinin əməkdaşlığı əsasında həyata keçirilən “İnnovativ məktəb” layihəsi çərçivəsində “Sahibkarlıq” kursunun tədrisi ilə bağlı 9-13 Sentyabr tarixlərində keçiriləcək təlimlərə start verilib.
STEAM İnnovasiya Mərkəzində keçirilən təlimin birinci hissəsində ORT İsrail təşkilatının eksperti Yair Ben-Horin sahibkarlıq və təhsil arasında əlaqədən danışıb, müəllimlərə təlimin məqsədləri və hazırlanmış kurikulum materialları haqqında geniş məlumat verib. Təlimin ikinci hissəsi interaktiv tapşırıqlar əsasında keçirilib və müəllimlərə nəzəri bilikləri praktikada tətbiq etmək imkanı yaradılıb.
Təlimlərdə ümumilikdə 12 məktəb üzrə 25 nəfərlik pedaqoji heyət iştirak edib.
Qeyd edək ki, “İnnovativ Məktəb” layihəsi Azərbaycanda ölkənin digər ümumi təhsil müəssisələri üçün nümunəvi öyrənmə mərkəzlərinə çevriləcək məktəblərin yaradılmasını nəzərdə tutur. Layihə məktəb pedaqogikası, tədris məzmunu və məktəb idarəçiliyi sahələrində yeni yanaşmaların tətbiqinə yönəlib. Layihə çərçivəsində 2024-2025-ci tədris ilində layihənin tətbiq olunduğu məktəblərin VII və VIII sinifləri üçün “Sahibkarlıq” fənni tədris ediləcək.