10 sentyabrda peşə təmayüllü siniflərdə fəaliyyətə başlayan qrup rəhbərləri və ixtisas fənn müəllimləri üçün komanda quruculuğu və metodik səriştələr üzrə təlimlər başlayıb. Təlimdə açılış nitqi ilə çıxış edən ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin müdiri Xanım Şabanova iştirakçıları salamlayıb və onları yeni tədris ilində peşə təmayüllü siniflərdə fəaliyyətə başlamaları münasibətilə təbrik edib. O, həmçinin “Komanda ruhu ilə yeni tədris ilinə” adlı təlimin məqsədi barədə də məlumat verib.
Təlimin keçirilməsində məqsəd iştirakçılara komanda quruculuğunda ünsiyyət modelləri, komanda və qrup anlayışı, sinfin idarə olunmasında ünsiyyət üzrə xüsusi bacarıq və yanaşmalar, peşəyönümü xidmətinin təşkili, yeni tədris ilində peşə təmayüllü siniflərdə tədris planı üzrə iş və təhsil proqramlarının tətbiqi ilə bağlı tövsiyələr üzrə məlumatlar verməkdir.
Qeyd edək ki, 4 gün davam edəcək təlimlərdə ümumilikdə 240 nəfərin iştirakı nəzərdə tutulub.