9, 10 və 11 sentyabr tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunda fəlsəfə doktoru proqramı üzrə 2024-cü il doktoranturaya qəbul imtahanlarının sonuncu mərhələsi olan ixtisas fənnindən imtahanlar keçirilib.
Xarici dil və fəlsəfə fənlərindən imtahanlarda yüksək qiymətlər alaraq ixtisas imtahanı mərhələsinə 18 nəfər iddiaçı iştirak hüququ qazanıb.
Qəbul imtahanlarını keçirmək üçün institutun direktor müavini Fuad Qarayevin sədrlik etdiyi, ARTİ-nin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadovun, Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədovun üzvlük etdiyi daimi imtahan komissiyası yaradılıb.
İmtahanlar Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası, Təhsilin təşkili və planlaşdırılması, Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, Korreksiya pedaqogikası, Pedaqoji psixologiya ixtisasları üzrə 8 komissiyada keçirilib.
Həmçinin 11 sentyabrda elmlər doktoru proqramı üzrə dissertanturaya müsahibə keçirilib və müsahibə komissiyasının qərarına əsasən 1 nəfər iddiaçı elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunub.