“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində təlimlər davam edir

Tarix: 13.09.2024
Paylaş:

ARTİ-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıqda icra etdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsinin yeni fəaliyyətə başladığı məktəblərin olduğu regionlarda Psixoloji-Tibbi-Pedaqoji Komissiya (PTPK) üzvləri üçün təlimlər baş tutub.

İlk olaraq, 26 avqust – 12 sentyabr tarixlərində Göygöl, Mingəçevir, Beyləqan, Biləsuvar, Şabran ,Saatlı, Şamaxı, Qusar rayonlarında PTPK üzvləri üçün təlimlər keçirilib.

Təlimlər zamanı PTPK üzvləri əlilliyi olan şagirdlərin ümumtəhsil məktəblərinə seçilməsi üçün nəzərdə tutulan meyarlarla yaxından tanış olublar. Siniflərin təşkili, müəllimlərin sinif daxilində əməkdaşlıq mühitinin qurulması və digər vacib məsələlər üzrə maarifləndirmə işləri aparılıb. Təlim iştirakçıları şagird seçimləri zamanı yaranan çətinliklər və onların aradan qaldırılması üçün görülə biləcək tədbirlərlə bağlı müzakirələr edib.

Təlimin sonunda PTPK üzvləri layihənin tətbiq olunduğu məktəblərin bölgələrdə təhsilin keyfiyyətinin inkişafı üçün əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıqda icra etdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsinin əsas məqsədi inklüziv sinif təşkil edilən ümumtəhsil müəssisələrinin şəbəkəsini genişləndirməklə, Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnun təmin edilməsinə dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir.