Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planına əsasən keçirilən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi çərçivəsində layihənin fəaliyyətə başladığı yeni məktəblərin Uşaq müdafiəsi və təhlükəsizliyi (UMT) komandaları üçün təlimlər keçirilib.
7-12 sentyabr tarixlərində Ağcabədi rayonu üzrə 6, Gəncə və Lənkəran şəhərləri üzrə isə 5 olmaqla, ümumilikdə 16 məktəbdə direktor, direktor müavini, məktəb psixoloqu, müəllim və valideyndən ibarət uşaq UMT komandaları (UMT) təlimlərə cəlb olunub. UMT komandalarına 24 akademik saatlıq təlimlər zamanı uşaq müdafiəsi və təhlükəsizliyi mexanizminə dair ilkin anlayışlar, konsept və prosedurlar, mexanizmin iş prinsipi və ona aid sənədləşmə haqqında məlumat verilib. Mexanizmə dair nəzəri biliklərlə yanaşı, UMT komandaları məktəbdə baș verə biləcək zorakılıq halları və təhlükələrlə bağlı müxtəlif praktiki məşğələlərin köməyi ilə müvafiq sahədə bacarıqlarını artırıblar. Təlimin yekununda iştirakçılarla mexanizmə dair sonrakı proseslərin planlanması və gedişatı barədə müzakirə aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planına əsasən keçirilən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi çərçivəsində yeni məktəblər də daxil olmaqla layihənin tətbiq edildiyi bütün məktəblərdə sentyabr ayından etibarən monitorinqlərin keçirilməsi nəzərdə tutulur.