“Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda təlim keçirilib

Tarix: 20.09.2024
Paylaş:

COP29 çərçivəsində 20 sentyabr tarixində Təhsil İnstitutunun təşkilatçılığı ilə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə təhsilverənlər üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülnaz Kərimova cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-la bağlı görülən işlər haqqında qısa məlumat verib, eyni zamanda ətraf mühitin qorunması ilə bağlı aksiyalarda rəhbərlik etdiyi təhsil müəssisəsinin yaxından iştirakını vurğulayıb. ARTİ-nin təhsil müəssisələrində COP29-la bağlı gördüyü maarifləndirmə işlərini yüksək qiymətləndirərək bugünkü təhsilverənlər üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda simulyasiya təliminin aktuallığını əməkdaşların nəzərinə çatdırıb.

ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva COP29-un Azərbaycan üçün müxtəlif sahələr üzrə əhəmiyyətindən danışaraq bu layihənin ekoloji və iqtisadi faydalarını xüsusi qeyd edib, “Əsrin müqaviləsi”nin davamı olan COP29-un ölkəmizə yeni investisiyaların və texnologiyaların cəlb olunmasına müsbət təsir göstərəcəyini, ölkəmizin “yaşıl iqtisadiyyat”a keçidini sürətləndirəcəyini və “yaşıl enerji” təchizatçısına çevrilməsinə şərait yaradacağını xüsusi olaraq vurğulayıb.

Daha sonra ARTİ-nin aparıcı mütəxəssisi Xalidə Hüseynova mövzunu tam əks etdirən geniş təqdimatla çıxış edərək Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi haqqında məlumat verib. Ekoloji qayğının liberallaşmasında təbii qazın enerji sistemindəki rolunu diqqətə çatdırıb və Azərbaycandan Qərb istiqamətinə inteqrasiya olunan təbii qazın şaxələnməsinin Avropa məkanında qaz sənayesinin inkişafına təkan verdiyini, bunun da bölgədə ölkəmizin nüfuzunun artmasına səbəb olduğunu bildirib.

Təlimin sonunda mövzu ətrafında müzakirə aparılıb.