“Yaşıl dünya naminə həmrəylik ilində COP29-un Azərbaycan üçün əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib

Tarix: 24.09.2024
Paylaş:

Bakı Slavyan Universitetində “Yaşıl dünya naminə həmrəylik ilində COP29-un Azərbaycan üçün əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib

COP29 çərçivəsində ARTİ və BSU-nun birgə əməkdaşlığı ilə 23 sentyabr tarixində BSU-da “Yaşıl dünya naminə həmrəylik ilində COP29-un Azərbaycan üçün əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru dosent Ənvər Abbasov bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar keçirilən əhəmiyyətli tədbirlər, o cümlədən, COP29 haqqında məruzə ilə çıxış edib. Çıxışda iqlim dəyişikliyi zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi və bu strategiyanın koordinasiyasında milli, beynəlxalq, regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi davamlılığının təminatına yönəldiyi vurğulanıb.

ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətindən danışaraq qeyd edib ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən istiqamət məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasıdır. Bu kontekstdə Azərbaycan qlobal enerji tranzitində öz rolunu gücləndirə və təbii qazın bərpa olunan enerji layihələri ilə paralel inkişafına dəstək verə bilər. Bu proses Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə aparmaqla yanaşı, öz təbii qazını enerji keçidində əsas vasitə kimi təqdim etmək imkanı yaradacaqdır.

Məruzəçi dosent Afaq Hacıyeva iqlim dəyişikliyinin Azərbaycana təsirlərindən, hazırda respublikamızın mövcud qlobal problemlərlə bağlı üzərinə götürdüyü öhdəliklərdən və COP29-un respublikamız üçün əhəmiyyəti barədə geniş məlumat verib, iqlim dəyişikliyinin yaranma səbəbləri və hazırda mövcud olan qlobal ekoloji problemlərin bu proseslə əlaqəsindən bəhs edib.

Daha sonra “Yaşıl dünya dərnəyi”nin rəhbəri, gənc iqlim elçisi Könül Bayramova iqlim dəyişikliyi ilə mübarizənin vacibliyi və ekoloji problemin həlli yolları haqqında tələbələrə ətraflı məlumat verib.

Tədbir boyu tələbələrlə aktiv diskussiya aparılaraq onların da bu məsələlərə yanaşması ilə bağlı fikirləri dinlənilib.