PISA2025 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsinə hazırlıq davam edir

Tarix: 28.09.2024
Paylaş:

 

PISA2025 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi üzrə bütün işlər uğurla yekunlaşıb. Bu mərhələdə ölkəmizin müxtəlif regionlarından seçilmiş 70 məktəbdən ümumilikdə 4037 şagird iştirak edib. Sınaq mərhələsinin məqsədi tədqiqatın texniki aspektlərinin və şagirdlər arasında anket və testlərin tətbiqi ilə bağlı potensial çətinliklərin qiymətləndirilməsidir. Bu mərhələnin nəticəsi olaraq, iştirakçı şagirdlərin imtahan nəticələri müvafiq qaydada qiymətləndirilib və açıq tipli sualların yoxlanılması prosesi uğurla tamamlanıb. İmtahan nəticələri tədqiqatın növbəti mərhələsində daha dəqiq analizlərin aparılmasına və ölkənin ümumi göstəricilərinin daha yaxşı başa düşülməsinə imkan verəcək.

Hazırda PISA2025 tədqiqatının əsas mərhələsinə hazırlıq işləri fəal şəkildə davam etdirilir. Bu mərhələnin 2025-ci ilin aprel və may aylarında daha geniş miqyasda təşkil olunması planlaşdırılır. Hazırkı mərhələdə əsas tədqiqat üçün iştirak edəcək məktəblərin seçimi prosesinə hazırlıq işləri görülməkdədir. Məktəblərin seçimi tədqiqatın bütün ölkə üzrə təmsilçiliyinin təmin edilməsi və nəticələrin obyektiv şəkildə qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
PISA2025 tədqiqatında ümumilikdə 91 ölkə iştirak edəcək. Bu beynəlxalq qiymətləndirmə tədqiqatı dünya üzrə təhsil sistemlərinin şagirdlərin oxu, riyaziyyat və təbiət elmlərindəki bacarıqlarını necə inkişaf etdirdiyini qiymətləndirmək və ölkələrin təhsil siyasətlərinə dəyərli töhfələr vermək məqsədi daşıyır. Tədqiqat, ölkələrə öz təhsil sistemlərini qlobal miqyasda müqayisə etməyə və bu sistemlərin zəif və güclü tərəflərini müəyyən etməyə kömək edir.