Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən təşkil edilən Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Tədqiqat olan PIRLS-in 2025-ci ildə həyata keçiriləcək sınaq mərhələsinə hazırlıqlar davam edir.
Hazırlıq prosesi daxilində 4-cü sinif şagirdlərinə təqdim ediləcək PIRLS oxu mətnlərinin və müvafiq tapşırıqların yazılması bu ilin yay ayında tamamlanıb. 12 sentyabrdan etibarən tərcüməsinə başlanılan mətnlərin və tapşırıqların Azərbaycan və rus dillərində yekun versiyalarının bu ilin sonuna qədər hazır olması planlaşdırılıb.
Tədqiqata hazırlıq çərçivəsində məktəblərin seçimi prosesi də davam edir. Beynəlxalq mərkəz tərəfindən PIRLS2026 tədqiqatının 2025-ci ildə həyata keçiriləcək sınaq mərhələsi üçün məktəblər növbəti ay ərzində seçiləcək. Sonrakı mərhələdə isə tədqiqatda iştirak edəcək siniflərin və şagirdlərin seçimi ARTİ tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın 2011-ci ildən iştirak etdiyi PIRLS tədqiqatı Azərbaycanda Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təşkil edilir.