Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzi tərəfindən “Refleksiv müəllim” layihəsi ilə bağlı növbəti seminar keçirilib.
30 sentyabrda Binəqədi rayonu 246 saylı məktəbi-liseyin riyaziyyat fənn müəllimləri üçün görüş təşkil olunub. Seminarda məktəbin ibtidai sinif müəllimi Aygül Bayramova 3-cü sinif “Riyaziyyat” dərsliyində olan “Üçrəqəmli ədədlər” mövzusunda icmal təqdim edib.
Seminarda keçirilən dərsin məzmununun standartlara uyğun hazırlanması, məzmuna görə saat bölgüsünün aparılması, təlim strategiyaları, məktəbdaxili qiymətəndirmə və onun növləri, təlimin təşkilində istifadə edilən forma və üsullar, interaktiv dərsin mərhələləri, qrup işinin və fərdi işin mahiyyəti, dərsdə refleksiv sualların qoyulması kimi məsələlər müzakirə olunub. Seminar müddətində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
Qeyd edək ki, “Refleksiv müəllim” layihəsi üzrə seminarlar ARTİ TPİM tərəfindən mütəmadi olaraq təşkil edilir.