“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsinin icrası davam etdirilir

Tarix: 03.10.2024
Paylaş:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planına əsasən Təhsil İnstitutu tərəfindən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsinin icrası davam etdirilir.

Layihənin əsas məqsədi təhsil müəssisələrində uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün effektiv fəaliyyətləri icra edərək uşaqların hüquqlarının və rifahının daha səmərəli müdafiəsinə nail olmaqdır. İcrasına 2022-ci ildən başlanan layihə əsasında Bakı şəhəri və regionları da əhatə etməklə, ümumilikdə 81 ümumtəhsil müəssisəsində Uşaq Müdafiəsi və Təhlükəsizliyi (UMT) mexanizmi tətbiq edilir.

Qeyd edək ki, bu mexanizm təhsil müəssisələrində uşaqların hüquqlarını və rifahını qorumaq üçün beynəlxalq standartları və təcrübələri nəzərə alaraq hazırlanıb.
Layihə çərçivəsində seçilmiş məktəblərdə məktəb rəhbərliyi, müəllim, məktəb psixoloqu və valideyndən ibarət olan UMT komandaları yaradılır və müvafiq olaraq təlimləndirilir. UMT komandaları tərəfindən məktəb heyəti, şagirdlər və valideynlər arasında maarifləndirici tədbirlər davam etdirilir və mütəxəssislər tərəfindən həmin ümumi təhsil müəssisələrində prosesin mütəmadi şəkildə superviziyası təşkil olunur.

Layihənin hazırkı mərhələsi çərçivəsində sosial-maarifləndirici videoçarx hazırlanıb.  Videoçarxda şagirdin başına gəlmiş zorakılıq halı canlandırılıb və “Dinləmə qutusudan” istifadə edərək Uşaq müdafiəsi və təhlükəsizliyi qrupuna müraciət etməsi ilə bağlı təlimat əks olunub.