COP29-la bağlı Sumqayıtda təhsilverənlər üçün simulyasiya təlimi keçirilib

Tarix: 07.10.2024
Paylaş:

COP29 çərçivəsində 4 oktyabrda Təhsil İnstitutunun təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən “İstedad” liseyində və 15, 24 və 28 nömrəli tam orta məktəblərdə təhsilverənlər üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda simulyasiya təlimi keçirilib.

Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbdə təhsilverənlər üçün nəzərdə tutulan görüşdə 24 və 28 nömrəli məktəblərin pedaqoji işçiləri iştirak edib. Məktəbin direktoru Fikrət Şamxalov tədbiri giriş sözü ilə açaraq “Yaşıl dünya naminə həmrəylik ili”ndə COP29-un Azərbaycanda keçirilməsinin siyasi, iqtisadi əhəmiyyətindən danışıb. COP29-la bağlı məlumatların təhsil müəssisələrində təbliğ olunması, maarifləndirici görüşlərin keçirilməsi, ətraf mühitin qorunması üçün aksiyaların təşkil olunmasının önəmindən bəhs edib.

Sumqayıt şəhərində yerləşən “İstedad” liseyi və 15 nömrəli tam orta məktəbin təhsilverənləri üçün təşkil olunan ikinci görüşdə isə “İstedad” liseyinin direktoru Rasim Süleymanov COP29 haqqında təhsilverənlərə geniş məlumat verərək qlobal istiləşmənin, iqlim dəyişmələrinin iqtisadiyyat və bütövlükdə cəmiyyət üçün ciddi təhlükələr yaratdığını vurğulayıb. Bu baxımdan müəllimlərə iqlim dəyişikliyi və ekoloji problem haqqında maarifləndirmə səviyyəsini artırmaq, ekoloji layihələrdə aktiv iştirak etmək, ekoloji tərbiyəni gücləndirmək tövsiyə olunub.

Hər iki görüşdə ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva ölkəmizin 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etməsinin xüsusi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, konfrans zamanı öz zəngin mədəni irsimizi, təbii gözəlliklərimizi dünyaya nümayiş etdirməklə yanaşı, Azərbaycanın qarşılaşdığı ekoloji problemlərin, Qarabağdakı eko terrorun beynəlxalq təşkilat nümayəndələrinin diqqətinə çatdırılması üçün geniş imkanlar yaranacaq. Eyni zamanda, COP29 Azərbaycanın beynəlxalq imicini daha da güclənədirəcək, iqlim dəyişikliyi ilə bağlı mübarizədə istixana qazı emissiyalarının azaldılması üçün götürdüyümüz öhdəliklərin həyata keçirilməsinə köməklik edəcək, bugünkü Qarabağımızın “yaşıl zona”ya keçidini, “yaşıl enerji” təchizatçısına çevrilməsini sürətləndirəcək və “yaşıl texnologiya”ların inkişafında öz töhfəsini verəcək.

ARTİ əməkdaşı Xalidə Hüseynova “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda təqdimatla çıxış edərək daha az karbon emissiyası yaradan və enerji mənbəyi olan təbii qaz ehtiyatları ilə yanaşı, Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin saxələndirilməsi zamanı Avropaya təmiz enerji keçidi haqqında geniş məlumat verib.

Təlimin sonunda mövzu ətrafında suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.