“Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar təşkil edilib

Tarix: 07.10.2024
Paylaş:

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq 4 oktyabrda Təhsil İnstitutu və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar təşkil edilib.

Seminarda Təhsil İnstitutunun böyük elmi işçiləri Sevinc Kərimova və Gülər Xəlilova günümüzün təhlükəsi hesab olunan narkomaniyaya səbəb ola biləcək halların psixo-pedaqoji vasitələrlə qarşısının alınması istiqamətinə həsr olunmuş “Narkotik asılılıq və onun formalaşma mərhələləri” adlı təqdimatla çıxış ediblər.

Dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrindən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışılıb. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.

Həmçinin narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğu diqqətə çatdırılaraq, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışılıb, son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.