“Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminarların təşkili davam edir

Tarix: 10.10.2024
Paylaş:

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq 10 oktyabr tarixində Təhsil İnstitutu və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar təşkil edilib.

Seminarda ARTİ-nin böyük elmi işçiləri Günay Quliyeva və Əminə Niftiyeva narkomaniyanın potensial səbəblərinin psixo-pedaqoji yollarla qarşısının alınması mövzusunda təqdimat ediblər. Onlar erkən yaşlardan fərdin xarici təsirlərə açıq olmasının sosial davranışlarına və narkomaniyaya meyilliliyinə təsir etdiyini bildiriblər. Təqdimatda fərdin inkişafında yaşayış mühiti, valideynlərin davranışları və sosial-mədəni amillərin əhəmiyyəti qeyd olunub. Valideynlərin qeyri-sağlam münasibəti və cəmiyyətin narkomaniyaya yanaşması kimi risk faktorları vurğulanıb.

Seminarda narkomaniyanın qarşısının alınmasına dair tədbirlər üç mərhələdə təhlil edilib. İlkin profilaktika narkotik istifadəsinə başlamamış şəxslərin qorunmasını əsas məqsəd olaraq göstərir. İkinci dərəcəli profilaktika maddə istifadəsinə başlayan, lakin hələ asılılıq yaranmamış şəxslərin müəyyən edilməsi və müalicəyə cəlb olunmasını əhatə edir. Üçüncü mərhələ, istifadəyə başlayanların bu vərdişdən uzaqlaşması və təkrar istifadənin qarşısının alınmasına yönəldilir.

Tədbirdə profilaktik strategiyaların effektivliyi üçün onların real şərtlərə uyğun tətbiqinin vacibliyi qeyd edilib. Xüsusilə erkən yeniyetməlik dövründə icra olunan proqramlar, gənclərin akademik və sosial bacarıqlarının gücləndirilməsinə yönəlir. Proqramlar çərçivəsində təhsil vərdişlərinin inkişafı, akademik dəstək, effektiv ünsiyyət bacarıqlarının formalaşdırılması, həmyaşıdlarla sağlam əlaqələrin qurulması və zərərli vərdişlərə qarşı müqavimət qabiliyyətinin artırılması nəzərdə tutulur. Bu tədbirlər gəncləri sağlam həyat tərzi seçimlərinə təşviq etmək və onları narkomaniyadan uzaq saxlamaq məqsədi daşıyır.