Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində məqsəd və hədəflərin reallaşdırılması istiqamətində hesabatlılıq məqsədilə Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən 21 və 22 oktyabr 2024-cü il tarixlərində MİP reallaşdırılan ümumi təhsil müəssisələrində görüş təşkil edilib. Görüşdə 238, 242, 260, 265 nömrəli tam orta məktəblərin idarəetmə heyəti və pedaqoji heyəti, eləcə də MİP reallaşdırılan ümumi təhsil müəssisələrinin kuratorları, yəni ARTİ MDM-in əməkdaşları, rəhbər heyəti iştirak edib.
Görüş prosesində 2023/2024-cü tədris ilində MİP çərçivəsində məqsəd və hədəflərin reallaşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyətlər və əldə olunan nəticələr müzakirə edilib. Müzakirə obyekti şagird nailiyyətinin inkişafı istiqamətində MİP çərçivəsində həyata keçirilən fəaliyyətlər, idarəetmə heyətinin fəaliyyəti, fənn müəllimlərinin metodiki və pedaqoji bacarıqlarının peşəkar inkişafının üstünlükləri, metodik görüşlərin icrası, dərsdinləmələr, eləcə də növbəti tədris ili ərzində planlaşdırılan fəaliyyətləri əhatə edib. MİP çərçivəsində müzakirə edilən mövzular əsasən vahid qiymətləndirmə forması, differensial yanaşma, sinfin idarəolunması, planlaşdırma, emosional intellektin inkişafı, yaradıcı və tənqidi təfəkkürün inkişafı, istedadlı şagirdlərin müəyyən edilməsi və bu istiqamətdə görülmüş işlərin nəticələrini əhatə edib. Proses zamanı fənn müəllimləri il ərzində bu istiqamətdə həyata keçirdikləri təcrübələrini, ideya və təkliflərini paylaşıblar. Eləcə də MİP-in icrası prosesində inkişafa ehtiyac olan məsələlər, qarşıya çıxan problemlər və həll yolları barədə fikir mübadiləsi aparılıb və bu istiqamətdə tövsiyələr verilib.
Qeyd edək ki, MİP çərçivəsində məqsəd və hədəflərə nail olmaq istiqamətində hesabatlılıq ilə əlaqədar görüşlər digər MİP reallaşdırılan ümumi təhsil müəssisələrində də planlaşdırılır.