COP29 çərçivəsində Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 22 oktyabrda “COP29 ekoloji və sosial-iqtisadi davamlılığın təminatçısı kimi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin moderatoru ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva təhsil müəssisələrində iqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə kampaniyalarının aparılmasının vacibliyindən, mövzunun aktuallığından danışaraq bu dəyirmi masanın təşkilinin tələbələr üçün maraqlı və düşündürücü olacağını vurğulayıb. Azərbaycanda ətraf mühitin, ekologiyanın qorunması və dövlət səviyyəsində bu sahədə görülən işlər, iqlim dəyişiklikləri zamanı qarşılanan problemlərin qabaqcadan qarşısının alınması üçün həyata keçirilən tədbirlər haqqında məlumat verilib.
Dəyirmi masada “Yaşıl iqtisadiyyat və kənd təsərrüfatının dayanıqlı inkişafı” mövzusunda məruzə ilə çıxış edən BDU-nun dosenti Qoşqar Məmmədov kənd təsərrüfatının yaşıl iqtisadiyyat üçün mühüm mərkəz olduğunu vurğulayaraq bu sahədə təbii sərvətlərdən səmərəli istifadə, baş verən itkilərin minimuma endirilməsi, eyni zamanda yaşıl iqtisadiyyatın kənd təsərrüfatı təcrübələrini dəyişdirməsi, ətraf mühitə təsirlərin azaldılması nəticəsində məhsuldarlığın artırılması kimi mühüm məsələlərə toxunub.
UNEC-in dosenti İlqar Xəlilov “COP29 iqtisadi davamlılığın təminatçısı kimi” mövzusu üzərində məruzə edərək qlobal istiləşmənin artmasının bəşəriyyətə, insanların sağlamlığına vuracağı zərərlərlə yanaşı, iqlim dəyişmələri zamanı digər ölkələrdə olduğu kimi Azərbaycanın qarşılaşacağı ən böyük təhlükə kimi su qıtlığını göstərib. O, çıxışında ekologiyanı çirkləndirən havaya atılan emissiyaların azaldılması, zəhərli maddələrin qarşısının alınması üçün mübarizənin vacibliyi və ekoloji problemin həlli yollarından danışıb.
BDU-nun dosenti Azər Cəfərov “İqlim dəyişmələri və Azərbaycan” adlı məruzəsində iqlim dəyişmələrinin planetimiz üçün yenilik olmadığını vurğulayaraq geoloji tariximizdə soyuqlaşma, istiləşmə dövrlərinin çox olduğundan, bu dəyişimlərin tədricən baş verdiyindən, ekoloji sistemlərin adaptasiyasına əngəllər yaratmadığından danışıb. O, müasir dövrdə bu fərqliliyin səbəbini insanın təsərrüfat fəaliyyətində, onun artım tempinin yüksək olması, ekosistemlər, kənd təsərrüfatı və meşəçiliyin ona adaptasiya oluna bilməməsi ilə izah edib.
Tədbirə qatılan BMU-nun baş müəllimi Etibar Qəhrəmanov çıxışı zamanı vurğulayıb ki, COP29 qlobal əməkdaşlıq üçün platformalar yaratmaq, iddialı hədəfləri müəyyənləşdirmək, davamlı təcrübələri təşviq etməklə yanaşı, ekoloji, sosial-iqtisadi davamlılığın təmin edilməsində mühüm rol oynaya bilər.
ARTİ-nin baş mütəxəssisi, biologiya üzrə elmlər namizədi Məhəbbət Paşayeva “Yaşıl dünya naminə həmrəylik ili”ndə COP29-un Azərbaycan üçün əhəmiyyəti” mövzusunda ekoloji böhranların səbəblərinə toxunub.
UNEC-in baş müəllimi Cəmilə Həsənova isə “COP29 və sosial ədalətin təşviqi: rəqəmsal idarəetmə texnologiyaların sosial bərabərliyi” mövzusunda çıxış edərək rəqəmsal idarəetmə sistemlərinin sosial bərabərliyi necə dəstəklədiyi və COP 29-un bu sahədə hansı imkanlar təqdim etdiyi barədə, həmçinin rəqəmsal bərabərsizliyin azadılması üçün yeni texnologiyaların tətbiqi ilə bağlı geniş məlumat verib.
Daha sonra aparılan müzakirədə tələbələrin bu məsələlərə dair fikirləri dinlənilib.