2024/2025-ci tədris ilində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən keçirilən “Müasir metodist” layihəsində metodist olaraq seçilən fənn müəllimlərinin ümumi təhsil müəssisələrində metodik işin təşkili istiqamətində fəaliyyətlərinə 2024-cü ilin noyabr ayından başlanılması nəzərdə tutulub.
18 oktyabrda ARTİ MDM tərəfindən metodik işin təşkili üzrə onlayn görüş təşkil edilib. Metodistlərin Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Regional Təhsil İdarələrinin (RTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində fəaliyyətləri planlaşdırılır. Görüş prosesində ARTİ MDM-in metodik xidmətin inkişafına dəstək göstərən idarəetmə heyəti, əməkdaşları və ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş metodistlər iştirak edib.
Görüş prosesində şagird nailiyyətlərinin inkişafı istiqamətində metodistlik fəaliyyətinin prioritetliliyi, metodistlərin ümumi təhsil müəssisələrində planlaşdırılan fəaliyyətləri, proses zamanı onların çeviklik bacarıqlarının inkişafı, yaradıcı fəaliyyətləri, ideya və təkliflərin tətbiqi müzakirə edilib. Müzakirə zamanı metodistlərin liderlik bacarıqlarının inkişafı və tətbiqi, sağlam emosional mühitin yaradılması məqsədilə idarəetmə və pedaqoji heyət ilə pozitiv ünsiyyətin və peşəkar əməkdaşlığın qurulmasının vacibliyi xüsusi vurğulanıb. Həmçinin metodistlik fəaliyyətində qarşıya çıxacaq problemlər və həll yolları barədə suallar cavablandırılıb və metodistlərə bu barədə tövsiyələr verilib. Metodistlərin bu məsuliyyətli yolda daim peşəkar inkişafının vacibliyi də vurğulanıb.
Qeyd edək ki, metodik dəstəyin göstərilməsi məqsədilə ARTİ MDM tərəfindən metodik xidmətin idarəedilməsi istiqamətində metodistlərlə görüşlərin davam etdirilməsi nəzərdə tutulub.