Bölgələrdə istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və fənlərin dərindən öyrənilməsinə marağın artırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı ilə yeni layihəyə start verilib. Belə ki, Sumqayıt, Mingəçevir, Lənkəran şəhərləri, eyni zamanda Zaqatala və Oğuz rayonlarında riyaziyyat və informatika fənlərinə marağı olan şagirdlərə dərinləşdirilmiş proqramlar əsasında müvafiq dərslər, eyni zamanda bu şagirdlərin xarici dil bacarıqlarının inkişaf etdirilməsi, müvafiq xarici ədəbiyyatlara çıxışlarını asanlaşdırmaq məqsədi ilə ingilis dili dərsləri keçirilir. Seçmə imtahanlarının nəticələrinə əsasən ümumilikdə təxminən 650 şagird sözügedən layihəyə cəlb edilib. Digər tərəfdən Sumqayıt şəhəri və Zaqatala rayonunda layihə çərçivəsində şagirdlərin mühəndislik və robotexnika sahəsinə maraqlarının artırılması və həmin istiqamətlər üzrə biliklərə yiyələnmələri üçün müvafiq təlimlər planlaşdırılıb və bu təlimlər qısa zamanda başlanacaq.
Layihənin məqsədi şagirdlərin riyazi bilik və bacarıqlarını inkişaf etdirmək, alqoritmik düşüncə tərzinin formalaşdırılmasına dəstək olmaq və kodlaşdırma qabiliyyətlərinin praktiki tətbiqinə şərait yaratmaq, eləcə də, müvafiq sahələr üzrə milli, beynəlxalq fənn və layihə olimpiadaları, müsabiqələr, yarışlar haqqında ətraflı məlumat vermək və iştiraklarını təmin etməkdən ibarətdir.