Azərbaycan Respublikasının Təhsil İnstitutunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilati dəstəyi və “ÖzünÖyrən” MMC-nin rəsmi təşkilatçılığı ilə informatika və rəqəmsal inkişafın təbliğinə yönələn “Bebras” müsabiqəsi keçiriləcək.
Müsabiqədə respublikanın bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak edə bilərlər. “Bebras” İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsi zamanı şagirdlər 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun müxtəlif tapşırıqları həll edirlər. Bu tapşırıqlar şagirdlərin analitik düşünmə, məntiqi əlaqələr qurma və problem həlletmə bacarıqlarını inkişaf etdirir.
Qeyd edək ki,“Bebras” həftəsi bu il daha geniş iştirakçı kütləsi ilə ölkə üzrə böyük marağa səbəb olub. Hazırda Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən işğaldan azad edilmiş Qarabağ ərazisi də daxil olmaqla 1000-dən çox məktəb iştirak üçün qeydiyyatdan keçib.
Beynəlxalq “Bebras” İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsi ilk dəfə 2004-cü ildə Litvada keçirilib. Yüz minlərlə şagirdin iştirak etdiyi müsabiqə hazırda ABŞ, Almaniya, Fransa, Yaponiya, Türkiyə və başqa ölkələr də daxil olmaqla 70-dən çox ölkədə keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd şagirdləri proqramlaşdırma bilikləri tələb etmədən informatika üzrə tapşırıqları həll etməyə yönəltmək, alqoritmik və hesablama təfəkkürlərini inkişaf etdirməkdir.
Azərbaycanda “Bebras” müsabiqəsi 2014-cü ildən keçirilir. Müsabiqə 2023-cü ildə 61 rayon və şəhərdən 242 məktəbi əhatə edib və 5395 şagird iştirak edib. Ən yüksək bal toplamış şagirdlər 2024-cü ilin aprel ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən final mərhələsinə dəvət olunub və qaliblər qiymətli hədiyyələrlə təltif ediliblər.
Hal-hazırda müsabiqəyə qeydiyyat davam edir. Daha ətraflı məlumat və qeydiyyat üçün http://bebras.az vebsaytından istifadə edə bilərsiniz.