2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində fəaliyyətə başlayan metodistlərin metodiki fəaliyyətləri davam edir. Qeyd edək ki, metodistlər müəllimlərin metodiki bilik və bacarıqlarının artırılması istiqamətində artıq bir sıra fəaliyyətlər həyata keçiriblər. Belə ki, bu proses 2024/2025-ci tədris ili üzrə planlaşdırılmış fəaliyyətlər əsasında davam etməkdədir. Bununla əlaqədar ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodist və müəllimlərin əməkdaşlığı ilə dərsdinləmələr təşkil edilib.
Budəfəki dərsdinləmələrin məqsədi metodik görüşlərdə, təlimlərdə öyrədilən proseslərin tətbiqinin dəyərləndirilməsi və qarşıya çıxan problemlərin müəyyənləşdirilməsi olub. Dərsdinləmələr zamanı müəllimlərin təlim məqsədlərinə nail olmaq istiqamətində metodiki bacarıqları dəyərləndirilib. Dərslərin müşahidəsi dərsdinləmənin qeydiyyat vərəqində qeyd olunmuş meyarlar əsasında aparılır. Müşahidə olunan dərslərdən sonra tədrisin effektivliyini artırmaq üçün müəllimlərin hər birinə konstruktiv fərdi rəylər verilib. Bu proses müəllimlərə öz fəaliyyətlərini effektiv refleksiya etməyə və problemləri özlərinin araşdırmalarına istiqamət verir. Fərdi rəyin verillməsi həmçinin metodist və müəllimlər arasında effektiv ünsiyyətin və əməkdaşlığın inkişafına da təkan verən prosesdir.
Dərsdinləmə prosesindən sonra planlaşdırılan proses metodik görüşlərin təşkil edilməsi olur. Bu zaman müəllimlər araşdırdıqları, öyrəndikləri yeni məlumatları metodik görüşlər zamanı paylaşır və tətbiq etmək yollarını müzakirə edirlər.
Qeyd edək ki, “Müasir metodist” layihəsinin məqsədi şagird nailiyyətinin yüksəldilməsi istiqamətində müəllimlərin metodiki bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə onların peşəkar inkişafının təmin edilməsidir.