Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Tarix: 30.11.2024
Paylaş:

Noyabrın 30-da Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışov olimpiadanın keçirilmə məqsədi və nəticələri barədə çıxış edib.

Tural Alışov bildirib ki, sözügedən olimpiadada ümumilikdə 21474 şagird iştirak edib. Onlardan 2397 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin nəticələrinə əsasən, 62 şagird qalib olub. Onlardan 10 nəfər qızıl, 24 nəfər gümüş, 28 nəfər isə bürünc medalla təltif olunub.

Tədbirdə iştirak edən S.C.Pişəvəri adına humanitar fənnlər təmayüllü gimnaziyanın direktoru İlqar Talıbov və S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın direktoru Xəyalə Veyisova şagirdləri təbrik edərək, onlara bu cür yarışlarda uğurlu olmaqla bağlı tövsiyələr veriblər.

Sonda olimpiada qalibləri diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası 5-ci siniflər arasında keçirilir.