2018-ci ildən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı (IELS) tədqiqatı beynəlxalq qiymətləndirmə tədqiqatlarından biridir. IELS tədqiqatı 5 yaşlı uşaqların bacarıqlarının, erkən təhsil təcrübələrinin, ev mühitinin və fərdi xüsusiyyətlərinin onların öyrənmə və inkişafına necə təsir etdiyini araşdırır.
2025-ci ildə 2-ci dövrü baş tutacaq IELS beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycan ilk dəfə olaraq iştirak edir. Ölkəmizdə 2025-ci ilin yanvar-mart aylarında IELS-in əsas mərhələsinin həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə ölkənin 211 təhsil müəssisəsindən təxminən 3000 uşağın iştirak edəcəyi gözlənilir.
Məlumat olaraq bildirək ki, beynəlxalq qiymətləndirmə tədqiqatının imtahan mərhələsində uşaqlar yenilikçi və oyun əsaslı metodlarla qiymətləndirilir. Uşaqlar planşetlər üzərində oyun əsaslı fəaliyyətləri tamamlayır, müəllimlər/tərbiyəçi-müəllimlər və valideynlər isə uşaqların erkən təhsil təcrübələri, ev mühiti və fərdi xüsusiyyətləri ilə bağlı sorğu suallarını cavablandırırlar. Uşaqlar tapşırıqları təlim keçmiş və təcrübəli test administratorlarının dəstəyi ilə tamamlayırlar.
IELS qiymətləndirməsi uşaqların bacarıqlarını aşağıdakı 4 istiqamət üzrə ölçür:
İlkin savadlılıq və riyazi bacarıqlar
IELS-in ilkin savadlılıq istiqaməti fonoloji şüur və söz ehtiyatı, dinləyib-anlama kimi sahələri əhatə edir. IELS uşaqların yazı və ya oxu biliklərini yoxlamır, amma məktəbdə oxuma bacarıqlarını inkişaf etdirmək üçün əsas olan ilkin bacarıqlara əhəmiyyət verir. Həmçinin ilkin riyazi bacarıqlar sadə problem həlli və məntiqi düşüncə üzərində cəmlənir.
İcraetmə funksiyaları
İcraetmə funksiyaları özündə bir çox bacarığı birləşdirən mürəkkəb bir anlayışdır. İnhibisiya (və ya özünü idarə etmə), zehni çeviklik və işlək yaddaş uşaqların həm koqnitiv, həm də qeyri-koqnitiv tapşırıqlarda uğurla iştirak etmələri üçün vacib rol oynayır. Məsələn, yeni bir oyun öyrənmə nümunəsindən istifadə edərək bu bacarıqların əhəmiyyəti belə izah edilir: oyunun qaydalarını öyrənmək üçün uşaqlar yeni məlumatları yadda saxlamalı (işlək yaddaş), diqqəti oyunun vacib hissələrinə yönəltməli və hərəkətlərini idarə etməli (məsələn, öz növbəsini gözləməli) olurlar.
Empatiya
Empatiya uşaqların emosional sağlamlığının və sosial rifahının mərkəzi bir aspektini təşkil edir və uyğun prososial davranış nümayiş etdirmək üçün vacibdir.