Ümumi təhsil müəssisələrində “Müasir metodist” layihəsi çərçivəsində metodik görüşlər davam edir

Tarix: 02.12.2024
Paylaş:

2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili üzrə “Müasir metodist” layihəsi çərçivəsində planlaşdırılmış fəaliyyətlər davam edir.

Bununla əlaqədar müəllimlərin metodiki bacarıqlarının inkişafı ilə bağlı metodik görüşlər təşkil edilib. Metodik görüşlərin mövzuları keçirilən dərsdinləmələrin nəticəsində müəyyənləşdirilib.

Metodik görüşlər ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərin müəllimlərlə birgə əməkdaşlığı ilə həyata keçirilib. Bu prosesdə müşahidə edilən dərslərin nəticəsində müəllimlərin metodiki bacarıqlarının inkişafı istiqamətində yaranmış boşluqlar müzakirə edilib və həll yolları müəyyənləşdirilib. Metodik görüşlərin üstünlüklərindən biri də müəllimlərin təlim ehtiyaclarına uyğun araşdırdıqları məlumatları bir-biri ilə paylaşmasıdır. Bu kimi fəaliyyətlərin müəllimlərin birgə əməkdaşlığına müsbət təsiri vardır. Eləcə də bunun müəllimlər üçün sağlam-emosional və dəstəkləyici mühitin yaranmasında əhəmiyyəti böyükdür. Müəllimlər çəkinmədən suallar verir və bu sualların cavablarını birgə müzakirə edərək problemlərin həll yollarına nail olurlar.

Müəllimlərin metodiki təlim ehtiyaclarına uyğun planlaşdırılmış növbəti fəaliyyəti olaraq təlimlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində şagird nailiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər 2023 və 2024-cü ildə fəaliyyətə başlayan metodistlər tərəfindən həyata keçirilir.