“Müasir metodist” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində metodik xidmətin inkişaf etdirilməsi istiqamətində fəaliyyətlər davam edir. Layihənin əsas məqsədi müəllimlərə metodik dəstəyin göstərilməsi ilə onların peşəkar inkişafının təmin edilməsi və şagirdlərin təhsil nailiyyətlərinin yüksəldilməsidir.
Dərsdinləmə fəaliyyəti bu məqsədə xidmət edən əsas addımlardan biridir. Artıq bir sıra ümumi təhsil müəssisələrində bu proses davam etməkdədir. Belə ki, 2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində metodistlik fəaliyyətinə yeni başlayan metodistlər tərəfindən dərsdinləmə prosesi həyata keçirilib. Dərsdinləmələrin əsas məqsədi fənn müəllimlərinin metodiki bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün onların təlim ehtiyaclarının müəyyənləşdirilməsidir.
Dərsdinləmələr zamanı müəllimlərin fəaliyyətləri müşahidə olunur, onların təlim ehtiyacları müəyyənləşdirilir və hər bir müəllimə fərdi konstruktiv rəylər təqdim edilir. Bu rəylər müəllimlərin öz tədris metodlarının təkmilləşdirilməsinə və dərs prosesinin keyfiyyətinin yüksəldilməsinə kömək edir. Dərsdinləmə prosesi müəllimlərin metodiki bacarıqlarını ölçməyə kömək edən əvvəlcədən müəyyən olunmuş meyarlar vasitəsilə dəyərləndirilir.
Dərsdinləmələr müəllimlərin öz fəaliyyətlərinin refleksiya edilməsi və boşluqların aradan qaldırılması üçün mühüm bir fəaliyyətdir. Proses zamanı qarşıya çıxan problemlər və onların həll yolları metodiki görüşlərdə geniş müzakirə edilir. Bu müzakirələr metodistlər və müəllimlər arasındakı əməkdaşlığı gücləndirərək təhsil prosesinin ümumi effektivliyinə müsbət təsir göstərir.
Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə səbəb olur. Bu da şagirdlərin akademik nailiyyətlərində əhəmiyyətli irəliləyişlərlə nəticələnir.