2024/2025-ci tədris ili üzrə Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində ümumi təhsil müəssisələrində həyata keçirilən metodik görüşlər davam edir. Bu görüşlərin əsas məqsədi məktəblərdə şagird nailiyyətinin artırılması, öyrədici və dəstəkləyici mühitin yaradılması, həmçinin pedaqoji heyətin peşəkar inkişafına dəstəyin göstərilməsidir.
2024-cü ilin dekabr ayında MİP reallaşdırılan 18, 51, 242, 91,154, 178, 238, 260, 265, 276, 301 nömrəli tam orta məktəblərdə təşkil olunan metodik görüşlər çərçivəsində mühüm müzakirələr aparılıb. Görüşlərdə əsas diqqət müəllimlərin metodiki və pedaqoji bacarıqlarının inkişafına yönəlib, şagirdlərlə iş prosesinin təkmilləşdirilməsi, valideynlərlə əməkdaşlıq, həmçinin məktəbdaxili idarəetmənin daha səmərəli təşkili kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Metodik görüşlər zamanı müəllimlər tərəfindən praktiki təcrübələr, yeni ideyalar və tətbiq olunan innovativ üsullar müzakirə edilib, həmçinin qarşılaşdıqları çətinliklər və onların həlli yollarına dair tövsiyələr verilib. Bu kimi fəaliyyətlərin həyata keçirilməsi məktəbin pedaqoji və idarəetmə heyətinin inkişafı və təkmilləşdirilməsi üçün əhəmiyyətlidir.
Qeyd edək ki, 2024/2025-ci tədris ili üzrə Məktəbin İnkişaf Planının əsas istiqamətləri şagirdlərin akademik uğurlarını artırmaqla yanaşı, məktəblərdə dəstəkləyici mühitin formalaşdırılmasını əhatə edir. Bu istiqamətlər üzrə fəaliyyətlərin MİP çərçivəsində davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.