Təkmilləşdirilməkdə olan informatika fənn kurikulumunun müzakirəsi təşkil edilib

Tarix: 09.12.2024
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunda təkmilləşdirilməkdə olan informatika fənn kurikulumunun müzakirəsi təşkil edilib. Müzakirə universitetlərin müvafiq kafedralarının, Dövlət İmtahan Mərkəzinin əməkdaşlarının və müəllif heyətinin iştirakı ilə keçirilib.

Görüşdə ARTİ-nin şöbə müdiri Mənsur Məhərrəmov təkmilləşdirmə prosesi haqqında məlumat verib və təkmilləşdirmələrdə nəzərə alınan ümumi prinsiplərlə auditoriyanı tanış edib. Sonra işçi qrupunun üzvü İsmayıl Sadıqov təkmilləşdirilmiş informatika fənn kurikulumundakı yeniliklər haqqında geniş məlumat verib.

Daha sonra işçi qrupunun üzvləri Şəfəq Ələkbərova və Elməddin Hüseynov müzakirədə iştirak edən qurumların nümayəndələrinin təkmilləşdirmə haqqında suallarını cavablandırıblar. Qarşılıqlı müzakirə formatında davam edən görüşdə iştirakçılar ortaq terminologiyanın, məzmunun yaş səviyyəsinə və dövrün tələbinə uyğunluğunun, süni intellekt kimi yeni anlayışların fənn kurikulumunda diqqətə alınmasının vacibliyini qeyd ediblər. Bundan əlavə, fənn kurikulumunun strukturunda edilən dəyişikliklər müsbət qiymətləndirilib. Xüsusən, altstandart üçün izahın verilməsi və müvafiq sinifdaxili fəaliyyətin tövsiyə olunması təqdirəlayiq hesab edilib.