Ümumi təhsil müəssisələrində metodik xidmətin inkişafı məqsədilə həyata keçirilən “Müasir metodist” layihəsi davam edir. Layihənin əsas məqsədi müəllimlərin metodiki bacarıqlarını təkmilləşdirmək və onların professional inkişafını dəstəkləməkdir.
Bu istiqamətdə keçirilən metodik görüşlər müəllimlərin təlim ehtiyaclarına uyğun olaraq təşkil edilir. Belə ki, dekabr ayında 2023-cü ildə fəaliyyətə başlayan metodistlər tərəfindən müəllimlər üçün metodik görüşlər təşkil edilib. Metodik görüşlərin mövzuları əvvəlcədən keçirilən dərs müşahidələrinin nəticələrinə əsasən müəyyən edilib. Metodik görüşlər metodistlər və müəllimlər arasında sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Bu proses zamanı müşahidə edilən dərslərin təhlili aparılır, müəllimlərin metodiki bacarıqlarında müşahidə edilən çatışmazlıqlar müzakirə olunur və həll yolları təklif edilir.
Metodik görüşlərin ən mühüm üstünlüklərindən biri də müəllimlərlə təcrübə mübadiləsinin aparılmasına və öyrəndikləri yeni biliklərin tətbiq edilməsinə şəraitin yaranmasıdır. Bu, həmçinin sağlam-emosional bir iş mühitinin yaradılmasına və kollektiv arasındakı əməkdaşlığın daha da inkişafına töhfə verir. Müəllimlər görüşlər zamanı müzakirələrdə aktiv iştirak edir və birgə çalışaraq həll yollarına nail olurlar.
Layihənin növbəti mərhələsində müəllimlərin spesifik metodiki ehtiyaclarına uyğun təlimlərin keçirilməsi planlaşdırılır. Bu təlimlər, müəllimləri peşəkar inkişaf etdirməklə yanaşı, onların tədris keyfiyyətinə də müsbət təsir göstərəcək.
Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində həyata keçirilən bütün fəaliyyətlər 2023 və 2024-cü illərdə fəaliyyətə başlayan metodistlər tərəfindən koordinasiya edilir. Layihə, ümumi təhsil müəssisələrində şagird nailiyyətinin artırılması və tədris prosesinin daha səmərəli təşkilinə istiqamətlənib.