2024/2025-ci tədris ili üzrə Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində metodik görüşlər davam edir

Tarix: 13.12.2024
Paylaş:

2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində Məktəbin İnkişaf Planı (MİP) əsasında metodik görüşlər mütəmadi olaraq həyata keçirilir. Bu görüşlərin başlıca məqsədi şagird nailiyyətinin inkişafı, öyrədici və dəstəkləyici mühitin yaradılması, eyni zamanda idarəetmə və pedaqoji heyətin peşəkar təkmilləşdirmə prosesinə dəstək verməkdir.

Dekabr ayı üzrə növbəti metodik görüşlər bu dəfə 75, 111, 159, 227 nömrəli tam orta məktəblərdə keçirilib. Bu kimi görüşlər pedaqoji heyətin peşəkarlığının artırılmasında, şagirdlərin öyrənmə bacarıqlarının təkmilləşdirilməsində və əməkdaşlığın stimullaşdırılmasında mühüm rol oynayır.

Metodik görüşlər zamanı məktəbin idarəetmə və pedaqoji heyətinin birgə əməkdaşlığı ilə metodiki yanaşmalar, tədris prosesinin təkmilləşdirməsi, şagird nailiyyətinin yüksəldilməsi, valideynlərlə səmərəli əməkdaşlığın qurulması və məktəbdaxili idarəetmənin effektivliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Müəllimlər öz praktiki təcrübələrini və tətbiq etdikləri innovativ yanaşmaları bölüşərək, qarşıya çıxan çətinliklərə dair birgə həll yolları üzərində çalışıblar.

Qeyd edək ki, Məktəbin İnkişaf Planının 2024/2025-ci tədris ili üzrə prioritet istiqamətləri şagirdlərin akademik nailiyyətlərinin artırılması və dəstəkləyici mühitin formalaşdırılmasını nəzərdə tutur. Bu istiqamətlər üzrə növbəti fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.