“Müasir metodist” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində dərsdinləmələr davam edir

Tarix: 27.12.2024
Paylaş:

Ümumi təhsil müəssisələrində müəllimlərin metodiki və pedaqoji bacarıqlarının təkmilləşdirilməsi şagirdlərin akademik nailiyyətlərinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Belə ki, “Müasir metodist” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili və inkişafı istiqamətində planlaşdırılmış fəaliyyətlər davam etməkdədir. Hazırda ümumi təhsil müəssisələrində dərsdinləmə prosesi həyata keçirilir. Bu təşəbbüsün əsas məqsədi, müəllimlərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi, eləcə də şagirdlərlə effektiv əlaqənin qurulmasına, tədris metodlarının təkmilləşdirilməsinə və s. dəstək olmaqdır.

Layihə çərçivəsində, ümumi təhsil müəssisələrində dərslərin müşahidəsi zəruri etik qaydalara və standartlara əsaslanaraq həyata keçirilir. Dərsdinləmələr əvvəlcədən hazırlanmış meyarlar əsasında qeydiyyat vərəqi vasitəsilə reallaşdırılır. Dərslərin müşahidəsi ilə müəllimlər tərəfindən sinifdə tətbiq edilən tədris metodları, sinif idarəçiliyi üzrə yanaşmalar və s. dəyərləndirilib. Dərsdinləmədən sonra müəllimlərlə əks-əlaqə qurularaq onlara fərdi rəylər verilib.

Qeyd edək ki, keçirilən dərsdinləmələrin nəticələrinə əsasən müəllimlərə məqsədyönlü olaraq metodik dəstək göstərilir. “Müasir metodist” layihəsi çərçivəsində bu kimi fəaliyyətlərin həyata keçirilməsi, tədris keyfiyyətinin yüksəldilməsinə, şagird nailiyyətinin artırılmasına və müəllimlərin peşəkar inkişafına müsbət təsir edir.