Sosial pedaqoqlar üçün təlimlər keçirilib

Tarix: 29.12.2024
Paylaş:

10-29 dekabr tarixlərində Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən sosial pedaqoqlar üçün təlimlər həyata keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Şərqi Zəngəzur və Qarabağ Regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sosial pedaqoqları üçün keçirilən təlimlər müasir cəmiyyətin problemləri və onların uşaqlara təsiri, uşaqların sosial müdafiəsi, uşaq hüquqlarının müdafiəsi problemləri, məktəblərdə zorakılıq və zorakılığa qarşı mübarizə metodları kimi mövzuları əhatə edib. Təlim müddəti ərzində iştirakçılar proqram mövzularına uyğun fərdi və qrup işləri üzərində çalışıb, situasiya tipli tapşırıqlarda təqdim olunan problemlərlə bağlı həll yolları təklif ediblər.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində çalışan sosial pedaqoqların nəzəri və praktik cəhətdən səriştələrinin artırılması məqsədilə təşkil olunan təlimlərin növbəti aylarda digər regionlarda da keçirilməsi planlaşdırılır.