Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində keçirilən görüşlər davam edir. Belə ki, 13 yanvar tarixində MİP reallaşdırılan 18 nömrəli tam orta məktəbdə monitorinq keçirilib, MİP qrupu ilə görüş təşkil olunub.
Görüşün əsas məqsədi MİP-in tətbiqi ilə bağlı cari vəziyyətin, qarşıya qoyulan məqsəd və hədəflərin reallaşdırılması istiqamətində həyata keçirilən fəaliyyətlərin nəticələrinin dəyərləndirilməsi olub. Monitorinq prosesində tədris prosesinin gedişatı, fənn müəllimlərinin metodiki və pedaqoji bacarıqları müşahidə edilib, onlara tədris keyfiyyətinin yüksəldilməsinə dair fərdi tövsiyələr verilib. Dərsdinləmə prosesindən sonra keçirilən görüşlərdə monitorinqlərin nəticələri, 2024/2025-ci tədris ilində MİP çərçivəsində məqsəd və hədəflərin reallaşdırılması istiqamətində həyata keçirilən və planlaşdırılan fəaliyyətlər, şagird nailiyyətinin nəticələri, tədrisin ümumi keyfiyyətinin yüksəldilməsinə yönələn fəaliyyətlər geniş şəkildə müzakirə olunub. Görüş prosesində ümumi təhsil müəssisələrinin idarəetmə və pedaqoji heyəti, eləcə də MİP reallaşdırılan məktəbin kuratoru iştirak edib.
Qeyd edək ki, bu təşəbbüs təhsilin keyfiyyətinin artırılması, məktəblərdə əlverişli tədris mühitinin təmin edilməsi və pedaqoji heyətin birgə əməkdaşlığının gücləndirilməsi məqsədi daşıyır. Bu kimi görüşlərin MİP reallaşdırılan digər ümumi təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulur.