Təhsil İnstitutu tərəfindən 18 və 19 yanvar tarixlərində Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı tədqiqatının (IELS 2025) əsas mərhələsində iştirak edəcək test administratorları üçün təlimlər keçirilib. Bu təlimlərin əsas məqsədi test administratorlarını IELS 2025-in qiymətləndirmə mərhələsi ilə bağlı məlumatlandırmaq və onlara praktiki qiymətləndirmə bacarıqları qazandırmaq olub.
Təlim sessiyaları çərçivəsində iştirakçılara beynəlxalq qiymətləndirmə tədqiqatının əsas prinsipləri və qiymətləndirmə istiqamətləri haqqında ətraflı məlumat təqdim edilib. Test administratorları qiymətləndirmə mərhələsində istifadə olunacaq proqram təminatı və onlayn platforma ilə tanış olublar. Onlar təlim müddətində praktiki məşğələlərə cəlb edilərək real qiymətləndirmə şəraitini təcrübə ediblər. Bu praktiki təcrübə test administratorlarına qiymətləndirmədən əvvəl tələb olunan bacarıqları təkmilləşdirmək imkanı verib.
Təlimin sonunda iştirakçılar IELS 2025-in qiymətləndirmə mərhələsində tələb olunan prosesləri uğurla həyata keçirmək üçün lazımi bilik və bacarıqlara yiyələniblər. Bu təlim proqramı test administratorlarının peşəkarlığını artırmaq və IELS 2025-in əsas mərhələsinin müvəffəqiyyətlə həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyıb.
Təlimlər beynəlxalq qiymətləndirmələrin yüksək standartlarda aparılmasını təmin edir və uşaqların erkən öyrənmə və rifahı ilə bağlı daha dəqiq məlumatların əldə edilməsinə şərait yaradır.