Son zamanlarda məktəblilərimizin müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda qazandığı medalların sayı artmaqdadır. Şagirdlərin bilik və bacarıqlarının artırılması, olimpiada hazırlığının taktiki, texniki və strateji məsələlərinin müzakirəsi məqsədi ilə 27 yanvar -1 fevral tarixlərində məktəblilərimiz üçün qış hazırlıq düşərgəsi təşkil olunub. Düşərgəyə Təhsil İnstitutundan, Oxford Universitetindən və Google Texnologiya şirkətindən xüsusi qonaqlar dəvət edilib. Həmçinin, Serbiyada 27 yanvar -4 fevral tarixlərində təşkil edilən düşərgədə 2 nəfər şagirdimiz iştirak edir.
Düşərgələrin keçirilməsində məqsəd Avropa Qızlar İnformatika Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası və Beynəlxalq İnformatika Olimpiadası kimi qabaqcıl müsabiqələrə hazırlaşan məktəblilərimizin daha yüksək səviyyədə hazırlaşmalarını təmin etməkdir.
Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 84 medal qazanıblar.